Xəbərlər

24.06.2022 14:35

Bank və investisiya şirkətlərinin əməkdaşları üçün “Yeni texnologiyalar və virtual aktivlər üzrə pulların leqallaşdırılması/terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda təlim keçirilib

Cari ilin 23-24 iyun tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində banklar və investisiya şirkətlərinin əməkdaşları üçün “Yeni texnologiyalar və virtual aktivlər üzrə pulların leqallaşdırılması/terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) riskləri” mövzusunda təlim keçirilib.

Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbərinin müavini Kirilo Boiçeniuk və MMX-nin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev açılış nitqi ilə çıxışıb ediblər.

Daha sonra, rəqəmsal aktiv və virtual aktiv anlayışları, blokçeyn texnologiyasının əsasları, tokenlər və NFT; DEFI və DEAPP, virtual aktivlər üzrə xidmət təminatçıları, cüzdan anlayışı və cüzdan təminatçıları, beynəlxalq standartlar və Avropa nəzarət tələbləri: Virtual aktivlərlə bağlı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tələbləri və monitorinq iştirakçıları (hesabat verən qurumlar) üçün icra mexanizmləri kimi mövzularda geniş məlumat verilib, praktiki məşğələlər keçirilib. 

MMX əməkdaşları ilə yanaşı, Avropa Şurasının eksperti xanım Samanta Şin də öz növbəsində çıxış edərək risklər və zəifliklər, virtual aktivlər/kriptovalyutalar ilə bağlı “həyəcan siqnalları” göstəriciləri, kriptovalyutalarla bağlı cinayətlərin aşkarlanması və qarşısının alınması üçün digər nəzarət tədbirləri kimi məsələlər barədə iştirakçıları məlumatlandırıb.

Tədbirə bank və investisiya şirkətlərini, habelə müvafiq dövlət qurumlarını təmsil edən  30-dan artıq iştirakçı qatılmışdır. 

24-06-2022 | 14:35
← Geriyə