Xəbərlər

03.10.2023 16:20

Rieltorlar, hüquq, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən şəxslər üçün təlim keçirilib

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri və müştəri profili risklərinin qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri, eləcə də, rieltorlar, hüquq, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən vergi ödəyiciləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov bildirib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkarlanması, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə effektiv əməkdaşlığın həyata keçirilməsi əhəmiyyətli xarakter daşıyır. Təsərrüfat subyektlərində belə əməllərin qarşısının alınması və aşkara çıxarılmasına kömək məqsədi daşıyan qənaətbəxş mexanizmlərin yaradılması aktual məsələlərdəndir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində rieltorlar, hüquq, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən müstəqil şəxslərin üzərində müəyyən tələblər mövcuddur. 

Tədbirdə DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev bu sahədə qanunvericiliyin ümumi müddəaları kontekstində təqdimatla çıxış edib. Bildirib ki, beynəlxalq hüquq ictimaiyyəti arasında daha çox “çirkli” pulların yuyulması kimi tanınan qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılması müasir dövrdə korrupsiyanın doğurduğu əsas qanunsuzluqlardan biri və iqtisadi sahədə mütəşəkkil cinayətkarlığın başlıca təzahür formasıdır. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmada xüsusi bilik və bacarıqlara malik vasitəçilərdən istifadə olunur ki, bu da belə faktların aşkarlanması və onlara qarşı mübarizəni çətinləşdirir.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Nərmin Rəhimli çıxışında “Müştəri uyğunluğu tədbirləri ilə bağlı qanunvericiliyin tətbiqi” adlı təqdimatı diqqətə çatdırıb. O, öhdəlik daşıyan şəxslər üçün müəyyənləşdirilmiş tələblər, müştəri uyğunluğu tədbirlərinin tətbiqi və əhatə dairəsi barədə ətraflı məlumat verib, iştirakçılara qanunvericilik, müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair prosedurları izah edib. 

Tədbirdə “Risk qiymətləndirilməsi” təqdimatı ilə çıxış edən Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Mehman Əliyev institusional risk qiymətləndirilməsinin komponentləri barədə danışıb. Yüksək riskli müştərilər, məhsullar, coğrafi zonalar və çatdırılma kanalları, yüksək riskli müştərilərə aid ola biləcək şəxs və ya fəaliyyət sahələri, eləcə də təklif edilən risk qiymətləndirilməsinin metodologiyasının həyata keçirilmə sxemi barədə izahat verən M.Əliyev risk indikatorlarının müəyyənləşdirilməsi, istinad siyahılarının hazırlanması və risklərin kəmiyyət qiymətləndirilməsi kimi mexanizmlər üzrə təcrübələri diqqətə çatdırıb. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib, müvafiq mövzular barədə izahatlar verilib. Gələcəkdə bu mövzuda növbəti təlimlərin təşkil olunacağı və öhdəlik daşıyan şəxslərə qanunvericiliyin tətbiqi istiqamətində lazımi metodiki köməkliyin göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

 

03-10-2023 | 16:20
← Geriyə