Xəbərlər

20.10.2023 12:10

Qeyri-hökümət təşkilatları üçün təlim keçirilib

Cari ilin 20 oktyabr tarixində Maliyyə Monitorinqi Xidməti və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasının inzibati binasında qeyri hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün “Terrorçuluğun maliyyələşdirilməsi məqsədləri üçün QHT-lərdən sui-istifadə riskləri və onların bununla bağlı öhdəlikləri” mövzusunda təlim keçirilib.

Təlim cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin vəzifələri və bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübə haqqında məlumatlandırma məqsədilə təşkil olunub. 

Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahədə təcrübəli əməkdaşları Fuad Əliyev və Samir Məmmədov tərəfindən ƏL/TMM sahəsində qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər, FATF tövsiyələri, QHT-lər vasitəsilə əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sxemləri və ianələrin toplanılması zamanı onlardan sui-istifadə halları və sui-istifadənin qarşısının alınması barədə ətraflı məlumat auditoriyanın diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 20-dən çox  QHT nümayəndəsi iştirak edib.

 

20-10-2023 | 12:10
← Geriyə