Xəbərlər

27.10.2023 14:30

Maliyyə Monitorinqi Xidməti Auditorlar Palatası ilə birgə elmi-praktik konfrans təşkil edib

27 oktyabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri”  mövzusunda elmi-praktik konfrans təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Hesablama Palatası, Dövlət Statistika Komitəsi, Vəkillər Kollegiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları yüksək səviyyədə təmsil olunub. Konfransda həmçinin Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr qatılıb, “Böyük dördlük” audit şirkətlərinin Azərbaycandakı filiallarının rəhbərləri, alim və tətdiqatçılar, eləcə də sərbəst auditorlar iştirak edib. 

MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə konfrans iştirakçılarını salamlayaraq açılış nitqi ilə çıxış edib. O, çıxışında ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsinə qarşı aparılan siyasətin əhəmiyyətindən, həyata keçirilmiş milli risk qiymətləndirilməsindən, 2023-cü ildə ölkəmizi MONEYVAL tərəfindən qiymətlənədirməsinin ilkin nəticələrindən, müvafiq sahədə qəbul edilmiş qanunlardan, Milli Fəaliyyət Planından, FATF-ın auditor və mühasibatlıq xidmətləri göstərən şəxslər üçün tövsiyələrindən bəhs edib. Sahə üzrə siyasətin həyata keçirilməsində effektiv nəzarətin xüsusi əhəmiyyətini vurğulayaraq  natiq öhdəlik daşıyan şəxslərin qanunla üzərinə düşən vəzifələri diqqətə çatdırıb. Z.Fətizadə, həmçinin mövcud problemlərin qarşısını almaq məqsədilə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlıq perspektivlərini qeyd edib, görülə biləcək işlərin önəmindən danışıb.

Daha sonra Auditorlar Palatasının sədri  Vahid Novruzov çıxış edərək konfransın işinə müvəffəqiyyətlər arzulayıb. Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərdən danışan V.Novruzov bildirib ki, cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə halları aradan qaldırılmalıdır. O, bu istiqamətdə 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planının hədəflədiyi məqamları vurğulayıb, Milli Fəaliyyət Planının icrasında nəzarət orqanlarının rolu və vəzifələrindən bəhs edib. Onun sözlərinə görə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanları özlərinin rol və vəzifələrini yeni dövrün çağırışları ilə uzlaşdırmalıdır.

Konfrans məruzəçilərin çıxışları ilə davam edib. Məruzələrin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tədbirin sonunda Təşkilat Komitəsinin həmsədrləri konfransın əhəmiyyətini yüksək qiymətləndirərək bütün iştirakçılara minnətdarlıq bildirib. 

Qeyd edək ki, tədbirə ümumilikdə 100-dən çox iştirakçı qatılıb.

 

 

27-10-2023 | 14:30
← Geriyə