Xəbərlər

23.02.2024 17:05

Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edir

23 fevral tarixində Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi qeyd edilib. Bununla əlaqədar Xidmətin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızın məzarları ziyarət olunub.

Maliyyə Monitorinqi Xidmətinin 15 illik yubileyinə həsr edilmiş tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Xidmətin heyətini xüsusi gün münasibətilə təbrik edib, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanda ədalətli bazar və sağlam iqtisadi maliyyə münasibətlərinin davamlı inkişafına xidmət etdiyi vurğulanıb. Avropa Şurasının 5-ci raund MONEYVAL qiymətləndirmə prosesinin ölkəmiz üçün uğurlu nəticəsində Maliyyə Monitorinqi Xidmətin xüsusi rolu olduğu qeyd olunub.

Daha sonra İdarə Heyətinin sədri Zaur Fətizadə Maliyyə Monitorinqi Xidmətinin əldə etdiyi uğurlara, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlara həsr olunmuş təqdimatla çıxış edib. 

Sonda Xidmət əməkdaşları təşəkkürnamə ilə təltif edilib. 

23-02-2024 | 17:05
← Geriyə