You are here: 

Maliyyə institutları

Maliyyə institutlarının siyahısı:

    • Kredit təşkilatları
    • Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri
    • İnvestisiya şirkətləri
    • İnvestisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri
    • Mərkəzi depozitar
    • Poçt rabitəsinin milli operatoru
    • Lombardlar
    • Maliyyə lizinqi xidmətləri göstərən şəxslər
    • Ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları
    • Virtual aktiv xidməti təminatçıları
    • Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər

Maliyyə institutlarının vəzifələri:

    • uydurma adlarla və ya anonim hesablar açmamaq, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamaq), anonim depozit sertifikatları buraxmamaq və anonim bank kitabçaları təqdim etməmək;
    • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri tətbiq etmək;
    • Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar əsasında müştəri profili formalaşdırmaq;
    • bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmaq, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etmək və bunlarla bağlı təhlil hesabatı tərtib etmək;
    • Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda əməliyyatı həyata keçirməmək, işgüzar münasibətlər yaratmamaq, hesab açmamaq, habelə işgüzar münasibətlərə xitam vermək və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat vermək;
    • Monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
    • Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi ilə bağlı müştəriyə məlumat verməmək;
    • Məlumat və sənədlərin saxlanılması öhdəliyinə əməl etmək;
    • Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə müştəri uyğunluğu tədbirləri ilə yanaşı əlavə tədbirlər görmək;
    • Yeni texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmaq və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı ƏL/TM risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görmək;
    • ƏL/TMM üzrə daxili nəzarət proqramına malik olmaq;
    • Sorğu əsasında məlumat və sənədləri cinayət təqibi və nəzarət orqanlarına, məhkəmələrə və Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
    • Maliyyə Monitorinqi Xidmətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişləri vaxtında və tam icra etmək;
    • Yüksək riskli zonalarla əlaqədar işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənməmək;
    • “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində sadalanan aktivləri təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmaq və dərhal bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə sayt vasitəsilə məlumat vermək;
    • Sanksiya tətbiq edilməli fiziki şəxsləri və qurumları, eləcə də həmin fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumları, habelə həmin fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxsləri və qurumları aktivlərlə, iqtisadi resurslarla, maliyyə və ya digər əlaqəli xidmətlərlə birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə təmin etməmək;
    • İllik əsasla ƏL/TM/KQSYM üzrə institusional riskləri müəyyən etmək, qiymətləndirmək, qiymətləndirmə nəticələrini sənədləşdirmək və nəzarət orqanına təqdim etmək, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görmək;
    • İnstitusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almaq.

 

Monitorinq olunmalı əməliyyatlar:

Maliyyə institutları aşağıdakı əməliyyatlara dair məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər:

    • İyirmi min manata bərabər və ya daha yuxarı məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar, habelə maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlar;
    • Məbləğindən asılı olmayaraq aşağıdakı əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər:

1) əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;

2) əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar

    • Məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq aşağıdakı əməliyyatlar:

1) xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;

2) “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;

3) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank və digər ödəniş hesabları üzrə əməliyyatlar.