Biz kimik?
Maliyyə Monitorinqi Xidməti (MMX) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur.
Tariximiz
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında müstəqil struktur vahidi olaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır. 3 fevral 2016-cı il tarixində yeni təşkilat– Maliyyə Bazarlarına Nəzarət Palatası – yaradılmış və Maliyyə Monitorinqi Xidməti onun tərkibinə daxil edilməklə ona maliyyə monitorinqi orqanı funksiyası verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxs yaradılmışdır.
Funksiyalarımız
-
- Vahid siyasətin formalaşmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;
- Tənzimləməni və nəzarəti həyata keçirmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
- Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;
- Vahid informasiya sisteminin tətbiqini təmin etmək;
- Normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- ƏL/TMM sisteminin inkişafını təmin etmək.
Missiyamız
Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək verməkdir.
Strateji baxışımız
Maliyyə Monitorinqi Xidmətini müasir tələblərə cavab verən və ölkədə cinayət istismarından azad bir maliyyə sisteminin təmin olunmasına xidmət edən maliyyə monitorinqi orqanına çevirməkdir.