11 dekabr 2024-cü il tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) Dövlət Vergi Xidməti ilə birgə “Öhdəlik daşıyan şəxslərin Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəlikləri” mövzusunda genişmiqyaslı təlim təşkil edib.
Təlimdə MMX-nin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə peşəkar əməkdaşı Kifayət Nəsirli “Müştəri uyğunluğu tədbirləri” və “Öhdəlik daşıyan şəxslərin ƏL/TMM sahəsində əsas öhdəlikləri” mövzularında geniş təqdimatla çıxış edib. O, müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi halları, həmçinin əməliyyat-axtarış fəaliyyəti zamanı MMX-nin məlumat və təhlillərinin rolu haqqında ətraflı məlumat verib.
Tədbirin davamında MMX-nin digər təlimçiləri – Sübhan Qarayev və Nilufər Abdullayeva “Daxili nəzarət proqramına dair minimum tələblər” və “MMX-yə məlumatların təqdim edilməsi qaydası” mövzularında təqdimat nümayiş etdiriblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Təlimdə qeyri-maliyyə sektorundan olan öhdəlik daşıyan şəxslərin 320 nəfərlik nümayəndə heyəti dinləyici qismində iştirak edib. Tədbirin əsas məqsədi öhdəlik daşıyan şəxslərin ƏL/TMM üzrə qanunvericilikdə nəzərdə tutulan tələbləri daha dərindən mənimsəmələrini təmin etmək və onların praktik fəaliyyətinə dəstək göstərməkdən ibarət olub.