12 dekabr 2024-cü il tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşları üçün “MONEYVAL-ın 6-cı raund qiymətləndirilməsi üçün toplanmalı statistik məlumatlar” mövzusunda onlayn formatda təlim keçirilib.
Təlimi giriş sözü ilə açan MMX-nin Əməkdaşlıq Departamentinin direktoru Fuad Əliyev FATF Metodologiyasında baş vermiş əsas dəyişikliklərə dair təqdimatla çıxış edib. O, çıxışında maliyyə və qeyri-maliyyə sektorunun ayrı-ayrılıqda qiymətləndirilməsi, risk əsaslı yanaşmanın önəmi və effektivliyin gücləndirilmiş qiymətləndirilməsi kimi mühüm mövzulardan bəhs edib. F. Əliyev, həmçinin metodologiyanın əsas məqsədləri haqqında ətraflı məlumat verib.
Daha sonra MMX-nin İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva iştirakçılara MONEYVAL qiymətləndirilməsinin tələblərinə uyğun statistik məlumatların toplanması prosesinə dair məlumatı dinləyicilərin diqqətinə çatdırıb.
Təlimin davamında MMX-nin Nəzarət və hüquq-mühafizə orqanları ilə iş departamentinin əməkdaşları Aytən Mirzəzadə və Kifayət Nəsirli təqdim edilən statistik məlumatlardakı çatışmazlıqların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə danışaraq bu məsələlər üzrə praktiki tövsiyələr təqdim edib, mövzu üzrə aktiv müzakirələr aparılıb.
Təlimdə Maliyyə Monitorinqi Xidməti ilə yanaşı Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Daxili İşlər Nazirliyinin 17 nəfər nümayəndəsi iştirak edib.
Bu cür təlimlər MONEYVAL qiymətləndirməsinə hazırlıq səviyyəsinin artırılmasına, statistikanın təkmilləşdirilməsinə və hüquq-mühafizə orqanlarının ƏL/TMM üzrə fəaliyyətinin beynəlxalq standartlara uyğun fəaliyyətinin təmin etməsinə mühüm töhfə verir.