Cari ilin 28 iyun tarixində Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli Qərarı ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabat təqdim edilib və digər məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Baş Nazirin müavini cənab Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb. Həmçinin cənab Əli Əhmədov “Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nın icrası zamanı həlli zəruri olan tədbirlər barəsində məlumat verib.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxışında 2024-cü ilin birinci yarımilində görülmüş işlərdən danışıb, maliyyə və qeyri-maliyyə sektorlarının müvafiq statistik məlumatlarını təqdim edib.
Daha sonra Hüquq departamentinin direktoru, Koordinasiya Şurasının Katibliyinin sədri Mehman Əliyev risk qiymətləndirilməsi nəticələri barədə məruzə edib. M. Əliyev çıxışında maliyyə və qeyri-maliyyə institutları tərəfindən görülən işlərdəki çətinlik və bu istiqamətdə nəzarət mexanizminin gücləndirilməsinin zəruriliyi, preventiv sistemin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, sahəvi risk qiymətləndirmələrinin aparılmasında risk əsaslı nəzarətin əhəmiyyətindən bəhs edib.
İclasda, həmçinin Koordinasiya Şurasının 2024-cü ilin birinci yarısı üzrə fəaliyyətinə dair hesabat müzakirə olunub. Şura üzvləri tərəfindən gündəlikdə duran və cari məsələlərə dair fikir mübadiləsi aparılıb.