You are here: 
Münzen ges

Çirkli pulların yuyulması və vergidən yayınma sxemləri mövzusunda seminar keçirilib

Release Date:

Cari ilin 30-31 yanvar tarixlərində Avropa Şurasının Bakı nümayəndəliyi, Maliyyə Monitorinqi Xidməti, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə seminar keçirilib. 

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının ikinci mərhələsi çərçivəsində icra olunan “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi üzrə təşkil edilmiş “Çirkli pulların yuyulması və vergidən yayınma sxemləri” adlı seminarda Avropa Şurasının Bakıdakı ofisinin rəhbər müavini cənab Kirilo Boiçeniuk iştirakçıları salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

2 gün davam edən seminar boyunca Avropa Şurasının ekspertlərii cənab Klaudio Stroliqo, xanım Elizabet Florkovski vergi cinayətləri ilə əlaqədar PL/TMM sahəsində tətbiq edilən beynəlxalq standartlar və qabaqcıl təcrübələr, müvafiq sahədə mövcud olan hüquqi problemlər, vergidən mümkün sui-istifadə halları, vergi cinayətlərinin doğurduğu çirkli pulların yuyulması təhlükəsinin qiymətləndirilməsi, vergidən yayınma sxemləri və tipologiyalari və digər əlaqədar mövzular üzrə müxtəlif bölmələrdə  təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Seminarda MMX-nin İdarə Heyəti sədrinin müşaviri xanım Kəmalə Əliyeva tərəfindən Azərbaycanda vergi cinayətləri ilə bağlı çirkli pulların yuyulması təhdidləri mövzusunda qısa təqdimat edib, daha sonra iştirakçıların sualları cavablandırıb.

Seminarın sonunda ekspertlərin moderasiyası ilə keyslərin öyrənilməsi üzrə qrup işləri təşkil edilib və müzakirələr aparılıb. 

Qeyd edək ki, tədbirə MMX əməkdaşları ilə yanaşı, Dövlət Vergi Xidməti, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsindən ümumilikdə 20-dən çox iştirakçı qatılıb.

Previus news:
Next news: