You are here: 
Münzen ges

Eqmont Qrupunun regional və işçi qruplarının görüşündə MMX təmsil olunub

Release Date:

Cari ilin 30 yanvar - 3 fevral tarixlərində Seneqal Respublikasının Dakar şəhərində Eqmont Qrupunun (EQ) işçi və regional qruplarının növbəti görüşü keçirilib.

Tədbirdə Maliyyə Monitorinqi Xidmətini 3 işçi qrupun tərkibində Fuad Əliyev, Nurlan Babayev və Leyla Bağırova təmsil edib.

Üzvlük, dəstək və uyğunluq işçi qrupunun sədri vəzifəsini icra edən Fuad Əliyev iclasın moderatoru qismində çıxış etmişdir. Sözügedən işçi qrup tərəfindən 4 üzvlük ərizəsinə baxılıb, habelə yeni uyğunluq və dəstək prosedurlarının layihəsi müzakirə olunub. Fuad Əliyev, həmçinin EQ təşkilatının əsas idarəetmə orqanı olan Eqmont Komitəsininin iclasına  qatılıb və gündəlikdə olan məsələlərə dair qərarların qəbul olunmaslnda iştirak edib.

Məlumat mübadiləsi işçi qrupunun üzvü Nurlan Babayev Azərbaycanda yeni və meydana gəlməkdə olan PL riskləri və çətinliklər adlı təqdimatla çıxış edib, ölkəmizin bu sahədə təcrübəsini bölüşüb və qrup üzvlərinin sualların cavablandırıb. Texniki yardım və təlim işçi qrupunun görüşlərinə qatılan Leyla Bağırova ötən il istifadəyə verilmiş elektron tədris platforması barədə MMX-nin təcrübəsini bölüşərək təqdimatla çıxış edib, onlayn təlimin faydalarından və əldə edilmiş nəticələrdən danışıb, qrup üzvlərini tədris platforması ilə bağlı maraqlandıran məqamlara aydınlıq gətirib.

Qeyd edək ki, EQ hazırda dünyanın 166 ölkəsinin maliyyə monitorinqi orqanının üzv olduğu beynəlxalq təşkilatdır və onun fəaliyyəti işçi qruplar tərəfindən həyata keçirilən müxtəlif layihələr əsasında təşkil olunur. Sözügedən qruplarda təmsilçilik beynəlxalq əməkdaşlıq, habelə ölkənin və qurumun nüfuzunun gücləndirilməsi, eyni zamanda beynəlxalq səviyyədə bu sahədə cərəyan edən proseslərə təsir imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Previus news:
Next news: