Azərbaycan üçün keçiriləcək V raund MONEYVAL qiymətləndirilməsinə hazırlıq çərçivəsində Maliyyə Monitorinqi Xidməti 2021-ci ilin 3 mart tarixində hüquq mühafizə orqanlarının əməkdaşlarının sahə üzrə biliklərini artırmaq məqsədilə video konfrans formatında təlim-seminar keçirib.
Seminarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – PL/TMM) sahəsində məlumat mübadiləsinin rolu: maliyyə təhqiqatı üçün zəruri olan bütün aidiyyəti məlumatlara çıxış və əldə edilmiş məlumatlardan səmərəli istifadə, PL/TM cinayətləri və fəaliyyətlərinin araşdırılması və cinayətkarların mühakimə olunması, cinayət yolu ilə əldə edilən gəlirlər və vasitələrin müsadirəsi və digər əhəmiyyətli mövzular müzakirə olunub. Təlim zamanı, həmçinin QHT sektorundan terrorçuluğun maliyyələşdirilməsi üçün sui-istifadə riski, kütləvi qırğın silahlarının yayılmasına qarşı hədəflənmiş maliyyə sanksiyaları, hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçilik və PL/TMM çərçivəsində beynəlxalq əməkdaşlıq barəsində iştirakçılara ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.