Eqmont Qrupunun Bakıda keçiriləcək Komitə iclasında maliyyə monitorinqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Dünyanın müxtəlif ölkələrindən maliyyə monitorinqi qurumlarını bir araya gətirən Eqmont Qrupunun Komitə iclası 13-15 may 2025-ci ildə Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək.
Eqmont Komitəsi Eqmont Qrupunun daxilindəki bütün qurumların fəaliyyətini əlaqələndirən əsas struktur kimi çıxış edir. Bu əlaqələndirmə Eqmont Qrupunun 2022-2027-ci illəri əhatə edən strategiyasının uğurla həyata keçirilməsində önəm kəsb edir. Eqmont Komitəsi Eqmont Qrupunun rəhbərliyi, icraçı katib, işçi və regional qrupların rəhbərlərindən ibarətdir.
Təxminən 20 yurisdiksiyadan olan maliyyə monitorinqi orqanları nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Həmin nümayəndələr Eqmont Qrupunun dünya üzrə səkkiz regional qrupunu təmsil edirlər.
İclas zamanı iştirakçılar Eqmont Qrupunun hazırkı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar. Tədbirdə həmçinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması və maliyyə monitorinqi sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi müzakirə olunacaq.
İclasın yekununda qəbul ediləcək qərar və tövsiyələrin Eqmont Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılmasına, qrupun 2022-2027-ci illər üçün strategiyasına və maliyyə monitorinqi üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Tədbir Azərbaycanın Eqmont Qrupunun Komitə iclasına ilk dəfə ev sahibliyi etməsi ilə yadda qalacaq. Ölkəmizin maliyyə kəşfiyyatı sahəsində etibarlı beynəlxalq tərəfdaş mövqeyi, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə fəallığı bir daha nümayiş olunacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın Maliyyə Monitorinq Xidmətinin nümayəndəsi Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq üzrə İşçi Qrupunun sədri seçilib və bu statusla Eqmont Komitəsinin üzvüdür. Bu, Azərbaycanın Eqmont Qrupundakı fəal iştirakını və liderliyini, həmçinin beynəlxalq maliyyə monitorinqi sisteminin bütövlüyünün qorunmasında artan rolunu əks etdirir.
Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidməti haqqında:
Maliyyə Monitorinq Xidməti ölkə daxilində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlərin əlaqələndirilməsi və icrası ilə məşğul olan Azərbaycanın milli maliyyə monitorinqi orqanıdır.
Eqmont Qrupu haqqında:
Eqmont Qrupu 177 üzv maliyyə monitorinqi orqanından ibarət qlobal təşkilatdır və üzvləri arasında informasiya, bilik və əməkdaşlığın təşviqi məqsədi ilə yaradılıb. Eqmont Qrupu üç əsas fəaliyyət istiqaməti üzrə çalışır: üzvlər arasında əməliyyat əməkdaşlığını təmin edən təhlükəsiz informasiya mübadiləsi platforması; işçi qruplar və Eqmont Təlim Mərkəzi (ECOFEL) vasitəsilə həyata keçirilən potensialın artırılması imkanları; üzvlər arasında bilik və təcrübə mübadiləsini gücləndirən tipologiyalar, xəbərdaredici göstəricilər və indikatorların mütəmadi şəkildə hazırlanması.