9 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə İsrailin Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə İdarəsi (İMPA) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (PL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin daha da gücləndirilməsi, habelə PL/TMM sahəsində səmərəli və effektiv məlumat mübadiləsinin inkişaf etdirilməsidir. Bununla da, iki ölkə arasındakı tarixən mövcud olan siyasi-diplomatik, iqtisadi, hərbi strateji müttəfiqlik münasibətləri PL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaq.
Qeyd edək ki, memorandum MMX-nin İdarə Heyətinin sədri cənab Rövşən Nəcəf və İMPA rəhbəri xanım Şlomit Vaqman tərəfindən imzalanıb.