2021-ci il 6-7 dekabr tarixlərində Maliyyə Monitorinqi Xidməti (MMX) Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində banklar və investisiya şirkətlərinin əməkdaşları üçün “Yeni texnologiyalar və virtual aktivlər üzrə PL/TM riskləri” mövzusunda təlim təşkil edib.
Təlimdə MMX əməkdaşları və Avropa Şurasının eksperti tərəfindən virtual aktiv (o cümlədən kriptovalyuta) və virtual aktivlər üzrə xidmət təminatçıları (VAXT) anlayışları, müvafiq sahədə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF-ın) tələbləri, blokçeyn texnologiyası, virtual aktivlər üzrə həyata keçirilən əməliyyatların araşdırılması üçün istifadə olunan proqram təminatları, virtual aktivlər və VAXT-lar ilə bağlı həyəcan siqnalları barədə geniş məlumat verilib, müvafiq praktiki nümunələr üzərində müzakirələr keçirilib. Təlimin sonunda auditoriyanın sualları və rəyləri əsasında fikir mübadiləsi aparılıb.
Tədbirdə bank və investisiya şirkətlərini təmsil edən 40-dan çox nümayəndə iştirak edib.