Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) əməkdaşları cari ilin 30 noyabr-1 dekabr tarixlərində Belçika Krallığının Brüssel şəhərinə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə dəstək proqramı çərçivəsində BMT-nin Beynəlxalq cinayətkarlıq və ədalət mühakiməsi məsələləri üzrə elmi-tədqiqat institutu (UNİCRİ) tərəfindən təşkil edilmiş tədris turunda iştirak ediblər.
Səfər zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin izlənməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi və idarə olunması, müsadirə olunmuş əmlakların mərkəzə ötürülməsi, hərrac vasitəsilə onlayn və digər üsullarla satış qaydaları, əldə edilmiş vəsaitlərin sosial məqsədlər üçün yönəldilməs sahəsində ən yaxşı təcrübənin öyrənilməsi məqsədi ilə Belçika Prokurorluğunun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisinin (COSC) və müsadirə olunmuş daşınar əmlakların satışı üzrə Federal Xidmət Mərkəzinin fəaliyyəti ilə yerində tanışlıq və təcrübə mübadiləsi təşkil edilib.