2022-ci ilin 9 fevral tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) inzibati binasında MMX və hüquq mühafizə orqanları mütəxəssislərindən ibarət tərkibdə yaradılmış işçi qrupun görüşü keçirilib.
Görüş çərçivəsində şübhəli əməliyyatlara dair təqdim olunmuş məlumatlar və onlar əsasında aparılmış cinayət təqibinin nəticələrinə dair ikitərəfli məlumat mübadiləsinin təmin edilməsi məqsədilə yaradılmış proqram təminatının təqdimatı keçirilib, MMX-nin hüquq mühafizə orqanlarına təqdim etdiyi şübhəli əməliyyatlara dair məlumatlardan maliyyə istintaqında istifadə olunması, bu cür məlumatların birgə effektiv təhlili və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib.
MMX-nin əməkdaşı görüşdə “Maliyyə istintaqı” mövzusunda təqdimatla çıxış edərək FATF-ın yenilənmiş standartlarına görə pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) çərçivəsində maliyyə təhqiqatı və əlaqəli məsələlərin aktuallığını və hüquq mühafizə orqanlarının müvafiq sahədə potensialının gücləndirilməsinin zəruriliyini iştirakçıların diqqətinə çatdırıb. Çıxışda, həmçinin, sözügedən sahə üzrə MMX tərəfindən hazırlanmış metodiki vəsaitdə bəhs edilən maliyyə təhqiqatının aparılması zamanı diqqət edilməli məsələlər, istifadə edilməli metodlar kimi əhəmiyyətli mövzulara da toxunulub.
Qeyd edək ki, görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu təmsil edən işçi qrupun üzvləri iştirak edib.