Cari ilin 19 aprel tarixində Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan Respublikasının 5-ci raund qiymətləndirilməsi üzrə onlayn formatda təlimlərə başlayıb.
Tədbirdə açılış nitqi ilə MONEYVAL-ın sədri xanım Elzbietta Franko-Yaskeviç çıxış edərək iştirakçıları salamlayıb. Daha sonra, Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab Əli Əhmədov tədbir iştirakçılarını salamlayıb və təşkilatçılara təşəkkürünü bildirib. Cənab Ə. Əhmədov çıxışında Azərbaycan Respublikasının PL/TMM sistemi üzrə ikinci milli risk qiymətləndirilməsinin həyata keçirilməsi, milli qanunvericiliyin sözügedən sahə üzrə beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi kimi vəzifələri olan Koordinasiya Şurasının fəaliyyəti haqqında danışıb.
MONEYVAL qiymətləndirilməsinin əhəmiyyətini xüsusilə vurğulayan Baş Nazirin müavini dövlətimizin FATF, BVF, Dünya Bankı, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı kimi təşkilatlarla sıx əməkdaşlıq edərək pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal mübarizəyə dəstək verdiyini bildirib və təlim iştirakçılarına uğurlar arzu edib.
PL/TMM sahəsində Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən 2023-cü ildə aparılacaq 5-ci raund qarşılıqlı qiymətləndirilməsinin ilkin mərhələsini təşkil edən təlimlərin məqsədi dövlətə qiymətləndirmə prosesinə dair izahedici məlumatların verilməsi və qiymətləndiricilərin səfəri zamanı keçiriləcək görüşlərə bənzər sınaq müsahibələrin aparılmasından ibarətdir.
Qeyd edək ki, 22 aprel tarixinədək davam edəcəyi nəzərdə tutulan təlimlərdə müvafiq dövlət qurumlarının, ictimai və özəl sektorun nümayəndələri iştirak edir.