2022-ci il 10-15 iyul tarixlərində Latviya Respublikasının Riqa şəhərində Eqmont Qrupunun (EQ) plenar iclası keçirilib.
İclasa Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru, həmçinin Eqmont Komitəsinin Üzvlük, Dəstək və Uyğunluq işçi qrupunun üzvü və sədr müavini cənab Fuad Əliyev qatılıb.
Hər plenar iclasda operativ müzakirələrdən əlavə bir mərkəzi mövzuya diqqət yetirilir. Bu ilki mövzu risk əsaslı mühitdə maliyyə monitorinqi orqanının (MMO) effektivliyini artırmağın yeni yolları olmuşdur. Altı gün davam edən və 3 sessiyadan ibarət olan iclaslarda regional qruplar, habelə MMO rəhbərlərinin görüşləri keçirilib və mühüm strateji qərarlar verilib.
Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci ildə əsası qoyulmuş EQ-nin hazırda 167 üzvü var. EQ-nin əsas məqsədi MMO-ların təşkilinə yardım göstərilməsi, qarşılıqlı məlumat mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sistemləşdirilməsi, MMO əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə treninqlərin və tədris səfərlərinin təşkilidir.
Qeyd edək ki, tədbirə 300-dən çox MMO və beynəlxalq təşkilat nümayəndəsi qatılmışdır.