You are here: 
Münzen ges

Azərbaycan Respublikasında PL/TMM sahəsində milli risk qiymətləndirilməsi prosesi həyata keçirilib

Release Date:

Azərbaycan Respublikası Prezidentinin 27.02.2020-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2020-ci il tarixli Qərarı qəbul olunub. Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin (PL/TMM) risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsi, müvafiq sahədə baş tutacaq Avropa Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsinə hazırlığın təşkili və bu istiqamətlərdə ölkədaxili effektiv əməkdaşlığın təmin edilməsi məqsədilə Koordinasiya Şurası formalaşdırılıb. Azərbaycan Respublikasının Baş nazirinin müavininin rəhbərlik etdiyi Koordinasiya Şurasında məhkəmə və hüquq mühafizə orqanları, PL/TMM üzrə nəzarət orqanları, digər aidiyyəti dövlət qurumları və özəl sektoru təmsil edən ictimai birliklərin rəhbər şəxsləri təmsil olunub.

Koordinasiya Şurasının 25.12.2020-ci il tarixində keçirilən ilk iclasında PL/TMM sahəsində milli risk qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi üçün 5 işçi qrupu formalaşdırılıb, həmçinin MRQ-nin aparılacağı metodologiya təsdiq olunub.  2021-ci ilin əvvəllərindən etibarən isə müvafiq işçi qrupları fəaliyyətə başlayıb və ilkin hesabat layihəsi isə 2022-ci ilin əvvəllərində hazırlanıb. MRQ çərçivəsində təhlillər Koordinasiya Şurasında yer alan qurumlar tərəfindən sözügedən sorğu cədvəlləri üzrə təqdim edilən məlumatların emalı, habelə onlarla aparılan müsahibələr və müzakirələr, eləcə də ictimai mənbələrdə yer alan ölkədaxili və beynəlxalq təhlil sənədlərinin əsasında aparılıb.

Təhlillər əsas etibarilə 2015-2021-ci illəri əhatə edib. 2015-ci ildə aparılan MRQ-dən fərqli olaraq bu qiymətləndirmədə əsasən Azərbaycanın PL/TMM sisteminin effektivlik göstəricilərinə daha çox diqqət ayrılıb. 

PL/TMM sahəsində cari təhdidlərin qiymətləndirilməsinin nəticələrinə əsasən vergi və əlaqəli cinayətlər, korrupsiya, narkotik vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq ölkədə PL üçün yüksək risk doğuran predikativ cinayət kateqoriyalarını təşkil edir. Sahəvi risklərə gəldikdə isə bank sektoru, daşınmaz əmlak və hüquqi şəxslər üzrə əməliyyatlar ən çox risk doğuran sahələr olaraq müəyyən edilib. 

MRQ çərçivəsində həmçinin sahəvi və milli mübarizə potensialındakı zəifliklərin aşkar edilməsi, təhlili və qiymətləndirilməsi aparılıb. Milli mübarizə potensialı üzrə zəifliklərin aşkar edilməsi üçün çoxsaylı göstəricilər təhlil edilib. Sahəvi risklər baxımından isə bank, digər maliyyə institutları, habelə qeyri-maliyyə institutları və peşəkarları üzrə zəif cəhətlər qiymətləndirilib. 

Son olaraq isə Azərbaycana yönəlmiş radikal-dini və etnik zəmində başlıca terror və terrorçuluğun maliyyələşdirilməsi riskləri və bunlara qarşı mübarizə potensialı təhlil edilib. MRQ üzrə təhlillər həmçinin kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində hüquqi tənzimetmənin və institusional potensialın gücləndirilməsi üçün yeni çağırışların meydana çıxdığını göstərir.

Qeyd: MRQ hesabatının əsas nəticələr üzrə xülasəsi

Previus news:
Next news: