Cari ilin 15-17 noyabr tarixlərində Fransa Respublikasının Strasburq şəhərində “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Avropa Şurası Konvensiyasının (CETS 198) Tərəflər Konfransının 14-cü plenar iclası keçirilib.
Sözügedən iclasda MMX-nin əməkdaşı Azər Abbasov Tərəflər Konfransının büro üzvü, həmçinin Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri qismində iştirak edib. Həmçinin, Mehman Əliyev məruzəçi kimi çıxış edərək üzv ölkələrin horizontal qiymətləndirmə hesabatının təqdimatını etmişdir. Təqdim edilən hesabat iclas sonunda Tərəflər Konfransı tərəfindən qəbul edilib.
Qeyd edək ki, CETS 198 Konvensiyası 2005-ci il 16 may tarixində Varşava şəhərində imzalanıb. Sözügedən Konvensiyanın əsas məqsədi cinayətlərin istintaqı və bu cinayət fəaliyyətlərindən əldə edilən əmlakın axtarışı, izlənilməsi, aşkar edilməsi, dondurulması, üzərinə həbs qoyulması və müsadirəsi üzrə beynəlxalq əməkdaşlığın və qarşılıqlı yardımın təşviqini əhatə edir. Azərbaycan Respublikası 2017-ci il 31 may tarixli Qanunu ilə CETS 198 Konvensiyasını ratifikasiya etmişdir. Bundan başqa, Azərbaycan 2018-2022-ci illərdə CETS 198 Konvensiyası çərçivəsində aparılan horizontal qiymətləndirmələrdə iştirak etmişdir.