Cari ilin 25 aprel tarixində Polşa Respublikasının Varşava şəhərində Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) yüksək səviyyəli iclası keçirilib.
Görüşdə bölgədəki ƏL/TM-lə bağlı əsaslı problemlər və təhdidlər, MONEYVAL-ın bu problemlərə qarşı strateji addımları müzakirə edilib. Nümayəndələr 2023-2027-ci illəri əhatə edəcək strategiyanı nəzərdən keçirərək MONEYVAL-ın prioritetlərini yüksək səviyyəli bəyannamə ilə təsdiq ediblər.
İclasda, həmçinin, Avropa Şurası, FATF, Avropa Komissiyası və “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyası Tərəflərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Qeyd edilməlidir ki, bu məzmunda görüş MONEYVAL tarixində ilk dəfə keçirilir və dünyada əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TM) qarşı mübarizənin artan əhəmiyyətini və labüdlüyünü əks etdirir.