2019-cu il 18 noyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (Xidmət) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) üzrə məsul şəxsləri ilə görüş keçirilmişdir.
Görüşün əsas məqsədi monitorinq iştirakçıları tərəfindən göndərilən hesabatların keyfiyyətinin yüksəldilməsi, yaranan texniki problemlərin müzakirəsi və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə metodiki dəstək göstərilməsi olmuşdur.
Görüş zamanı monitorinq olunmalı əməliyyatların şübhəlilik indikatorlarına dair geniş bilgilər verilmiş, habeləbu qəbildən olan hesabatların tərtib olunma nümunəsi təqdim edilmiş və izah olunmuşdur. Həmçinin tədbir zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli məlumatların göndərilmə qaydasına toxunulmuşdur. Son olaraq, görüşdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin axtarışı üzrə yeni proqram təminatı iştirakçılara təqdim edilmiş və istifadə qaydası izah edilmişdir
Görüşün yekununda Xidmət əməkdaşları bankların PL/TMM üzrə məsul şəxslərinin müvafiq sahə üzrə suallarına aydınlıq gətirmişlər.