You are here: 
Münzen ges

MMX nümayəndəsi BMT tədbirində çıxış edib

Release Date:

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına istinadən, 2-4 iyun 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir.

Sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) məqsədləri ilə sui-istifadə edilməsi mövzusunda 4 iyun tarixində paralel tədbir keçirilib.

Tədbirdə qeyri-kommersiya təşkilatlarının və xeyriyyə fondlarının dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətli rolu, habelə bu qurumların fəaliyyətində korrupsiya, PL/TM riskləri, xeyriyyə fondlarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanması, xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edilməsi, bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edilməsi kimi mövzulardan bəhs edilib və interaktiv müzakirələr aparılıb.

MMX-nin nümayəndəsi tədbirdə çıxış edərək Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollar məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd etmişdir. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanılmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu bildirmişdir.

Qeyd edək ki, tədbirdə BMT üzv dövlətlərinin XİN-lərinin və BMT yanında Daimi Nümayəndəliklərinin əməkdaşları, Beynəlxalq Valyuta Fondunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Liverpul Universitetinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin və MMX və QHT nümayəndələri iştirak edib.

Mənbə: https://mfa.gov.az/az/news/7383/view

Previus news:
Next news: