Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin rəhbərinin dəvəti ilə 10-11 fevral 2025-ci il tarixlərində Astana şəhərinə rəsmi səfər edib. Səfər çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması məqsədilə yüksək səviyyəli görüşlər keçirilib.
Görüşlər zamanı bu sahədə tətbiq olunan ən son texnologiyalar barədə təcrübə mübadiləsi aparılıb, əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib. Bu səfər Türk Dövlətləri Təşkilatı çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinə töhfə verməklə yanaşı, Azərbaycan və Qazaxıstanın milli maraqlarına uyğun ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, iqtisadi sabitliyin və maliyyə sistemlərinin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Səfər çərçivəsində Qazaxıstan maliyyə monitorinqi orqanının əməkdaşları tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və maliyyə monitorinqi sahəsində təqdimatlar keçirilmişdir. Mövzular arasında öhdəlik daşıyan şəxslərlə qarşılıqlı əlaqə, strateji təhlilin aparılması, benefisiar mülkiyyətçilərin reyestrinin formalaşdırılması və aparılması təcrübəsi, maliyyə monitorinqi orqanının analitik imkanları, eləcə də kriptovalyutalardan istifadə etməklə törədilən cinayətlərin aşkar edilməsinə dair yeni yanaşmalar yer alıb.
Azərbaycan və Qazaxıstan maliyyə monitorinqi orqanları arasında əməkdaşlıq gücləndirilir
Release Date: