Cari ilin 13 fevral tarixində Nazirlər Kabinetinin 2023-cü il 23 dekabr tarixli 451 nömrəli Qərarı ilə yaradılmış Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planınından irəli gələn vəzifələrin icrası çərçivəsində Şura tərəfindən 2024-cü ildə görülmüş islərin təhlil edilməsi və 2025-ci il üzrə təqdim olunmuş müvafiq Tədbirlər Planının müzakirə edərək qəbul edilməsi əsasında 2026-2028-ci illəri əhatə edəcək növbəti dövr üçün Milli Fəaliyyət Planı üzrə təkliflərın hazırlanmasına başlamağın zəruriliyini qeyd etmiş, bu kontekstdə Avropa Şurası MONEYVAL Komitəsi tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aidiyyəti dövlət qurumları tərəfindən tezliklə aradan qaldırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bununla əlaqədər MONEYVAL Komitəsi tərəfındən ölkəmizdə keçirilməsi nəzərdə tutulan tərəqqi qiymətləndirməsinin uğurla nəticələnməsi üçün bütün qurumlar səylərini artırmağa və sıx əməkdaşlığa dəvət olunmuşdur.
Şura İclasında Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin 2024-cü il üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrasına dair hesabatı, həmçinin Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Mərkəzi Bank və Dövlət Vergi Xidmətinin nümayəndələrinin görülmüş işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib, eyni zamanda Avropa Şurası MONEYVAL Komitəsinin cari ildə aparacağı tərəqqi qiymətləndirməyə hazırlıq vəziyyəti və digər məsələlər geniş müzakirə olunub. Daha sonra Maliyyə Monitorinqi Xidmətinin ərsəyə gətirdiyi “ŞƏMS” Şübhəli Əməliyyatların Monitorinqi İnformasiya Sisteminin təqdimatı edilmişdir.
İclasın yekunu olaraq 2022-2024-cü illər üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi, bu məqsədlə beş işçi qrupun yaradılması və ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsinə dair yol xəritəsinin təsdiq edilməsi barədə Koordinasiya Şurasının qərarı qəbul olunmuşdur.