11 dekabr 2024-cü il tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) Dövlət Vergi Xidməti (DVX) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində bilik və bacarıqların artırılması məqsədilə hüquq-mühafizə orqanlarının istintaq fəaliyyəti ilə məşğul olan əməkdaşları üçün birgə təlim təşkil edib.
Təlimin açılışında DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov iştirakçıları salamlayaraq bu cür tədbirlərin ƏL/TMM sahəsində məlumatlılığın artırılmasında və peşəkar bacarıqların inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib.
Tədbirdə MMX-nin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəisi Aytən Mirzəzadə “Paralel maliyyə araşdırmasının xüsusiyyətləri və metodikası” mövzusunda çıxış edib. O, maliyyə araşdırmalarında müasir texnologiya alətlərinin tətbiqi, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının vergi cinayətləri və yalançı sahibkarlıq əməllərinin ibtidai araşdırması zamanı aşkarlanması ilə bağlı ətraflı məlumat verib.
Təlimin növbəti mərhələsində MMX-nin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Fidan Abışsoy MMX-nin təmin edə biləcəyi məlumatların dairəsi və bu məlumatların istintaq prosesindəki rolu haqqında təqdimatla çıxış edib.
Daha sonra DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Maliyyə Araşdırmaları şöbəsinin rəisi Faiq İsazadə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predikativ cinayətləri olan vergi cinayətləri barədə məlumat verərək mövzu ətrafında fikir mübadiləsi aparıb.
Tədbirin sonunda MMX-nin Məlumatların Təhlili Departamentinin direktoru Şahin Əliyev vergidən yayınma sxemləri ilə çirkli pulların yuyulma sxemlərinin müqayisəli təhlilini təqdim edib və bu mövzuda müzakirələr aparılıb.
40-a yaxın dinləyicinin qatıldığı təlim hüquq-mühafizə orqanlarının istintaq fəaliyyəti çərçivəsində ƏL/TMM sahəsində effektiv mübarizə metodlarının inkişaf etdirilməsinə töhfə vermək məqsədi daşıyıb.