Bu gün Maliyyə Monitorinqi Xidmətində 20 yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarə Heyətinin sədri cənab Zaur Fətizadə tədbiri açaraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində tutduğu əhəmiyyətli yerdən danışıb və çıxışında bu faciənin gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb. Z. Fətizadə bildirib ki, qanlı Yanvar faciəsi azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab olunur.
Daha sonra Protokol və ictimai əlaqələr şöbəsinin rəisi Leyla Bağırova çıxış edərək 20 Yanvar tarixinin faciə günü olması ilə yanaşı, qürur günü olmasını vurğuladı.1990-cı ilin bu günündə sovet imperiyasının təzyiqlərinə qarşı xalqımızın mübarizəsi, onun Vətən sevgisinin və azadlıq arzusunun ən parlaq nümunəsi olduğu qeyd edildi.
35 il öncə yaşanmış bu hadisənin xatirəsini yaşatmaq məqsədilə keçirilən tədbir 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatdı.