23 yanvar tarixində Bakı Biznes Mərkəzində Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinin iştirakı ilə maliyyə sektorunda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin tətbiqi ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri və komplayens üzrə mütəxəssisləri də iştirak ediblər.
Tədbir zamanı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi zamanı bankların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. 60-dan çox nümayəndənin iştirak etdiyi toplantı müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsinə yönələn növbəti addım kimi yüksək qiymətləndirilib.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Maliyyə Tədbirləri üzrə İşçi Qrupu tərəfindən müəyyən edilmiş beynəlxalq standartlar və bu standartlara uyğun yerli qanunvericilik barədə ümumi məlumat, habelə Maliyyə Monitorinqi Xidmətinin risk-əsaslı tədbirlərə münasibətdə konseptual yanaşması iclas iştirakçılarına təqdim edilib.
Təqdimatdan sonra iştirakçılar arasında mövzu üzrə qarşılıqlı fikir mübadiləsi və müzakirələr davam edib. Müzakirələr nəticəsində razılığa gəlinib ki, adekvat risklərin idarə edilməsi modelinin formalaşdırılması qanunvericiliyin beynəlxalq standartlara uyğun şəkildə tətbiqi üçün şərait yaradacaqdır.
Yekunda sözügedən modelin yaradılması və inkişaf etdirilməsində Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupun fəaliyyətinin davam etdirilməsi razılaşdırılıb.