Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ölkəmizin müvafiq qurumlarının, habelə xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssislərinin iştirakı ilə 2025-ci ilin 23 may tarixində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Saif Ullah və İsrailin Sertifikatlı İctimai Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Çen Şrayber açaraq, tədbirin əhəmiyyətindən bəhs ediblər və konfransın işinə uğurlar arzulayıblar.
Yerli və beynəlxalq ekspertlərlə yanaşı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev “ƏL/TMM üzrə risk əsaslı nəzarət konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın yekununda təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Konfransın ikinci günü 24 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetində İsrail, Pakistan, Latviya ölkələrinin mütəxəssislərinin iştirakı ilə ƏL/TMM sahəsində Auditorlar Palatasının üzvlərinə, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim-tələbə heyətinə seminarın keçirilməsi nəzərdə tutulmuşdur.