Cari ilin 20-23 may tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində 6-cı Plenar iclası keçirilib. Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev sözügedən tədbirdə Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Qrupunun sədri və Komitəsinin üzvü qismində məruzə ilə çıxış edib.
F. Əliyev məruzəsində maliyyə monitorinqi orqanlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və digər maliyyə cinayətləri ilə əlaqəli qeyri-qanuni maliyyə axınlarının izlənilməsi və aktivlərin müsadirəsindən bəhs edib. O, Egmont Qrupunun təhlil və araşdırmalarına əsaslanaraq, belə sui istifadənin qarşısını almaq üçün görülməli zəruri tədbirlər barədə məlumat verib və maliyyə monitorinqi orqanlarının bu riskləri müəyyən etməkdə və azaltmaqda oynadığı əsas rolu vurğulayıb.
Həmçinin panel müzakirələrində virtual aktivlərlə bağlı artan risklərə və kripto-aktivlərin izlənməsi və dondurulması prosesində virtual aktiv xidmət təminatçılarının maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda oynadığı mühüm rola toxunulub.
Sonda F. Əliyev Eqmont Qrupunun hazırda davam edən təşəbbüs fəaliyyəti barədə məlumat verdi. O, maliyyə monitorinqi orqanlarının milli risk qiymətləndirməsi prosesindəki roluna dair görülən işlərdən və yaxın zamanda aktivlərin qaytarılması sahəsində maliyyə monitorinqi orqanlarının effektivliyinin artırılmasına yönəlmiş yeni layihədən bəhs edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan da daxil olmaqla müxtəlif ölklərin nümayəndələri arasında 100-dən artıq ikitərəfli görüş baş tutub. Müxtəlif sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və inkişafın təşviqi məqsədilə təşkil olunan görüşlərdə iştirakçı ölkələrin təklif və perspektivləri müzakirə edilib.