You are here: 
Münzen ges

ƏL/TMM sisteminin aktual məsələləri barədə təlim keçirilib

Release Date:

26 sentyabr tarixində Maliyyə Monitorinqi Xidməti Azərbaycan Banklar Assosiasiyası ilə birgə təlim təşkil edib. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sisteminin aktual problemlərinə həsr edilmiş təlimdə ilk dəfə olaraq hüquq mühafizə, nəzarət orqanları, eləcə də öhdəlik daşıyan şəxslər – notariuslar və maliyyə institutları –  bir araya toplanıb.   

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini cənab Azər Abbasov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. O, bu təlimin ƏL/TMM sisteminin bütün iştirakçılarını bir araya gətirən mühüm bir platforma olduğunu vurğulayıb və öhdəlik daşıyan şəxslərin hüquq-mühafizə orqanları ilə birbaşa əlaqə qurmaq imkanı əldə etməsinin önəmini qeyd edib. Daha sonra Azərbaycan Banklar Assosiasiyasının Komplayens Ekspert Qrupunun sədri cənab Anar Kərimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və müzakirəyə qoyulmuş mövzuların aktuallığını vurğulayıb. Həmçinin belə formatda görüşlərin müntəzəm olaraq keçirilməsinin Azərbaycanın ƏL/TMM sisteminin gücləndirilməsi baxımından ən effektiv tədbirlərdən biri olduğunu bildirib.

Gün boyu davam edən təlim zamanı öhdəlik daşıyan şəxslərə hədəfli maliyyə sanksiyalarının tətbiqi, qeyri kommersiya təşkilatlarının terrorçuluq məqsədləri üçün sui-istifadəsinin qarşısının alınması ilə bağlı tələblər və beynəlxalq təcrübə, həmçinin təqdim olunan məlumatların keyfiyyəti və son trendlər haqqında təqdimatlar nümayiş etdirilib. Təlimdə daxili nəzarət proqramlarına dair tələblər, müştəri uyğunluğu tədbirlərinin tətbiqi və müştəri profillərinin risk qiymətləndirilməsi kimi vacib mövzular da geniş müzakirə olunub. İştirakçılar arasında aktiv fikir mübadiləsi baş tutub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təşkil edilmiş sessiyalarda Maliyyə Monitorinqi Xidməti və hüquq-mühafizə orqanlarının peşəkar mütəxəssisləri əmlakın leqallaşdırılması cinayətinin tövsifi, tərkib elementləri, maliyyə istintaqı və sübutetmə məsələləri barədə geniş təqdimatlar ediblər. Panel müzakirələrdə MONEYVAL tərəfindən müəyyən edilmiş çatışmazlıqlara diqqət çəkilib və bu mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb.

Proqrama uyğun olaraq hər bir sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

Təlimə Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Məhkəmə-Hüquq Şurası,  öhdəlik daşıyan şəxslərin,  ümumilikdə,130-dan çox nümayəndəsi qatılıb.

 

 

 

 

 

Previus news:
Next news: