Cari ilin 29 sentyabr-2 oktyabr tarixlərində Bakı şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı keçirilib. Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Qrupunun sədri və İcraşı Komitəsinin üzvü qismində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında və Ümumi Toplantısında qeyri-kommersiya təşkilatlarının (QKT) terrorçuluğun maliyyələşdirilməsi üçün sui-istifadəsi mövzusunda təqdimatla çıxış edib.
F. Əliyev məruzəsində müxtəlif humanitar və xeyriyyə fəaliyyətlərinin dəstəklənməsində QKT-lərin mühüm roluna diqqət çəkib, eyni zamanda bu təşkilatların qanunsuz fəaliyyətlər, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi üçün istismar edilmə risklərini vurğulayıb. O, Egmont Qrupunun ekspertiza və araşdırmalarına əsaslanaraq, belə sui istifadənin qarşısını almaq üçün görülməli zəruri tədbirlər barədə məlumat verib və maliyyə monitorinqi orqanlarının bu riskləri müəyyən etməkdə və azaltmaqda oynadığı əsas rolu vurğulayıb.
Çıxışında F. Əliyev həmçinin Egmont Qrupunun bu mövzuda hazırlanmış hesabatından əsas nəticələri təqdim edib, QKT-lərin qanunsuz məqsədlər üçün sui-istifadəsinin qarşısını almaq üçün güclü uyğunluq və nəzarət mexanizmlərinə ehtiyac duyulduğuna diqqət çəkib.
Nəticə etibarilə, Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransında edilmiş bu təqdimat, QKT-lər vasitəsilə terrorçuluq maliyyələşdirilməsi ilə mübarizədə maliyyə monitorinqi orqanları ilə hüquq-mühafizə orqanları arasında qlobal əməkdaşlıq və innovativ strategiyaların əhəmiyyətini göstərib.