Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) rəsmi internet səhifəsi www.fiu.az yenilənmiş dizaynda istifadəyə verilib.
İki dildə (Azərbaycan və ingilis) hazırlanmış yeni sayt istifadəçilərin rahatlığını təmin etmək üçün həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib və yeni bölmələr əlavə edilib.
Yeni korporativ saytda MMX-nin fəaliyyəti, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə(PL/TMM) sahəsində rolu, apardığı beynəlxalq və ölkədaxili əməkdaşlığı və PL/TMM sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə yaradılmış Koordinasiya Şurasının fəaliyyəti və keçirilən iclasları barədə məlumat verilib.
Saytda əsas hədəf auditoriyanı təşkil edən hüquq-mühafizə orqanları, nəzarət orqanları, maliyyə qurumları və monitorinq subyekləri üçün sanksiya tətbiq olunmalı şəxslərin elektron axtarış sistemi, təlimat və tipologiyalar, MMX tərəfindən təşkil olunan təlimlər/tədbirlər və beynəlxalq tədbirləri özündə əks etdirən tədbirlər təqvimi, monitorinq subyektlərinin qeydiyyat qaydaları və MMX-yə göndərilməli hesabat forması yerləşdirilib.
Yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, nəzarət orqanları, monitorinq subyekləri və kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir.