Cari ilin 14 iyun tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə benefisiar mülkiyyətçinin müəyyən edilməsi qaydası və öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramına dair tələblər mövzusunda təlim keçirilib.
DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev iştirakçıları salamlayaraq tədbiri açıb və bu mövzuda təlimlərin keçirilməsinin aktuallığından və qurumlararası əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Təlimin birinci hissəsində MMX-nin sahə üzrə mütəxəssisi Ayaz Şahbazi şübhəli əməliyyatların anlayışı, onun müəyyən edilməsi, təhlili mövzusunda danışıb, həmçinin ƏL/TMM üzrə beynəlxalq standartlar və milli qanunvericiliyin tələbləri barəsində iştirakçılara ətraflı məlumat verib.
Təlimin ikinci hissəsində MMX-nin ƏL/TMM üzrə mütəxəssisi Nurlan Babayev Benefisiar Mülkiyyətçi (BO) anlayışı, müəyyən edilmə üsulları, ən yaxşı təcrübələr, həmçinin öhdəlik daşıyan şəxslərin komplayens proqramı, müştəri uyğunluğu tələbləri, nəzarət orqanının bilməli olduğu məsələlərlə bağlı təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb və qarşılıqlı müzakirələr aparıb.
Qeyd edək ki, sözügedən tədbirdə DVX-nin ƏL/TMM sahəsində fəaliyyət göstərən 30-a yaxın əməkdaşı iştirak edib.