Cari ilin 31 iyul tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Dini icma nümayəndələri üçün təşkil edilən təlimdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində mütəxəssisi, Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.
Eyni zamanda, təlim iştirakçılarına “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat” və yeni hesabat nümunəsi təqdim edilib.
Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı - terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzə ilə çıxış ediblər.
Təlim sonunda iştirakçıları maraqlandırlan sullar cavablandırılıb.
Qeyd edək ki, ümumilikdə təlimdə 70 nəfər iştirak edib.