Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlərdir.
Cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hesab edilir.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri öhdəlik daşıyan şəxs adlanır.
Kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər maliyyə institutları hesab edilir.
Həmin subyektlər həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olduğu halda öhdəlik daşıyan şəxs hesab edilir.
Rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri qeyri-maliyyə institutları və peşə sahibləri sayılır.
a) rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;
b) notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:
- daşınmaz əmlakın alqı-satqısı;
- müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;
- müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;
- hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.
Qeyri-maliyyə institutları və peşə sahibləri öz adından (müştərinin xeyrinə) və ya müştərinin adından (səlahiyyəti təsdiq edən sənəd əsasında) həmin əməliyyatları aparması və ya birbaşa müştərinin apardığı əməliyyatlarda iştirakı nəzərdə tutulur. Məsələn, a) müştərinin pul vəsaitlərinin idarə olunması məqsədilə öhdəlik daşıyan şəxsin öz bank hesabı üzərindən müştərinin tapşırığı əsasında əməliyyatlar aparması; b) daşınmaz əmlakın alqı-satqısını həyata keçirmək istəyən və alıcı olan müştəri üçün rəsmiləşdirilməli bütün məlumat və sənədlərin toplanması, o cümlədən satıcının etibarlılığına dair araşdırmanın aparılması; və ya c) hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizənin notariat qaydasında təsdiq edilməsi.
Öhdəlik daşıyan şəxs olaraq hər hansı hüquqi şəxsin və ya onun filial və nümayəndəliklərinin təsis edilməsi, hüquqi şəxsin qeydiyyat məlumatlarının dəyişdirilməsi, hüquqi şəxsin yenidən təşkili, nizamnamə kapitalında dəyişikliklərin qeydiyyata alınması, hüquqi şəxsin qanuni təmsilçisi qismində çıxış edilməsi, hüquqi şəxs və ya onun filial və nümayəndəlikləri üçün hüquqi ünvanın təmin edilməsi və s. xidmətlərin göstərilməsi başa düşülür.
Müştərinin adından, habelə öz adından müştəri üçün bank, depo, poçt, ödəniş və pul hesablarının açılması və hesab üzrə əməliyyatların aparılması başa düşülür.
Monitorinq olunmalı əməliyyat barədə məlumatlar Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 2023-cü il 27 aprel tarixli 3-21-28/3-6-8/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinin təqdim etdiyi proqram təminatı (“ŞƏMS” – Şübhəli Əməliyyatların Monitorinqi Sistemi) vasitəsilə elektron qaydada göndərilir. “ŞƏMS” proqram təminatına aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz: https://sams.fiu.az/ .
Aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində MMX-yə göndərilməlidir:
- Minimum hədləri MMX tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları;
- xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank və digər ödəniş hesabları üzrə əməliyyatlar.
Aşağıdakı hallarda əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonundan gec olmayaraq onun barəsində məlumat və sənədlər MMX-yə göndərilməlidir:
- Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadığından əməliyyat həyata keçirilmədiyi, işgüzar münasibət yaradılmadığı, hesab açılmadığı, habelə işgüzar münasibətlərə xitam verildiyi halda;
- Müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsinin ƏL/TM şübhələri ilə bağlı müştərinin və ya digər şəxslərin məlumatlandırılmasına səbəb olacağına ehtimallar olduğu üçün müştəri uyğunluğu tədbirləri dayandırıldığı halda;
- “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar aparılması halında.
Əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar olduqda aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən əməliyyatın icra edilməməsinin qeyri-mümkün olduğu hallar istisna olmaqla 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər dərhal maliyyə monitorinqi orqanına təqdim edilir:
- yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;
- minimum həddi MMX tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;
-maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.
Sadalanan əməliyyatın icra olunmaması mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra MMX-yə məlumat verməlidirlər.
Məlumat və sənədlər MMX-yə təqdim edildikdən sonra 2 iş günü ərzində əməliyyatın dayandırılması barədə MMX-nin göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir.
Bu müddət ərzində MMX-dən əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən dərhal icra edilməlidir.
Məlumatların təqdim olunması formasında «ulduz» işarəsi ilə qeyd olunmuş bəndlərin doldurulması icbaridir. Həmin bəndlər doldurulmadıqda, forma qəbul olunmur və geri qaytarılır.
İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə əsasən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı tələblərin pozulmasına, hər bir əməliyyata görə -
maliyyə institutları üzrə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
qeyri-maliyyə institutları üzrə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
auditor xidməti göstərən şəxslər üzrə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Hər bir öhdəlik daşıyan şəxs tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarları (indikatorların) müəyyən edilərək təsdiqlənməlidir. Əlavə olaraq MMX tərəfindən hazırlanmış şübhəli əməliyyatların aşkarlanması meyarlarından istifadə edilə bilər.
Lakin bu indikatorların mövcud olması əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyəşdirilməsi ilə əlaqəli olduğuna dair şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halın mövcud olduğuna dəlalət etmir. Şübhəlilik indikatoru olduğu təqdirdə öhdəlik daşıyan şəxs tərəfindən zəruri araşdırma aparılmalı və əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyəşdirilməsi ilə əlaqəli olduğuna dair şübhə əsaslandırılmalıdır.
Aşkar edilmiş hal hərtərəfli araşdırılmalı, gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqi zərurəti olduğu təqdirdə müvafiq tədbirlər görülməli, araşdırmanın nəticəsində əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi şübhəsi aradan qalxmadığı təqdirdə MMX-yə məlumat verilməlidir. Öhdəlik daşıyan şəxs araşdırma zamanı müştəri uyğunluğu tədbirləri çərçivəsində, müvafiq dövlət informasiya sistemlərindən (bu cür sistemlərə çıxışı olduğu təqdirdə) və ictimaiyyətə açıq mənbələrdən əldə edilmiş məlumatlardan istifadə edə bilər.
Həmin məlumatlar müştərilərə birbaşa öz yaratdıqları hesablar (bank, depo, poçt, ödəniş və pul hesabı) üzərindən xidmət göstərən maliyyə institutları tərəfindən MMX-yə təqdim edilməlidir.
Sözügedən qurumlar risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, o cümlədən illik maliyyə hesabatı tərtib edərək nəzarət orqanına təqdim etməlidirlər.
Auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatları və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edərlərsə, məbləğindən asılı olmayaraq belə əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədləri MMX-yə təqdim etməlidirlər.
Həmçinin auditor xidməti göstərən şəxslər məbləğindən və şübhəlilik əsaslarının olub-olmamasından asılı olmayaraq aşağıdakı əməliyyatlar barədə məlumat və sənədləri MMX-yə təqdim edilməlidir:
- xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;
-“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank və digər ödəniş hesabları üzrə əməliyyatlar.
Auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman əldə etdikləri bütün məlumat və sənədləri ən azı 5 il müddətində saxlamalıdırlar. Bu müddət maliyyə monitorinqi orqanı və ya nəzarət orqanının qərarı ilə 5 ilədək uzadıla bilər.
Hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri) siyasi nüfuzlu şəxslər hesab olunur.
Son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxsdir (şəxslər).
Hüquqi şəxsin benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq aparılmalıdır:
- son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli;
- mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli;
- əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli.
Mühüm iştirak payı dedikdə nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik nəzərdə tutulur.
MMX tərəfindən benefisiar mülkiyyətçinin müəyyənləşdirilməsinə dair metodoloji vəsait hazırlanmışdır. Keçid linki əlavə edilir: https://www.fiu.az/uploads/content/docs/methodology/BO%20metodologiya.pdf.
İşgüzar münasibətlər öhdəlik daşıyan şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müştəriləri ilə formalaşdırdıqları, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar münasibətlərdir.
MMX tərəfindən birdəfəlik əməliyyatların siyahısı hazırlanmışdır. Keçid linki aşağıya əlavə edilir:
Bütün öhdəlik daşıyan şəxslər Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 2023-cü il 21 fevral tarixli 3-21-28/3-6-6/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”ə uyğun olaraq daxili nəzarət proqramına malik olmalıdırlar.
Korporativ idarəetmə standartları tələblərinə riayət etməyən və məcburi daxili audit mexanizmi olmayan öhdəlik daşıyan şəxslərdə audit funksionallığı öhdəlik daşıyan şəxslərin birləşdiyi palatalar, assosiasiyalar, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən kənar audit təşkilatları və s. tərəfindən həyata keçirilə bilər.
- öhdəlik daşıyan şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq işçilər tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək;
- öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq MMX-ya təqdim edilməsini təmin etmək;
- həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsini təşkil etmək;
- əməliyyatın (əqdin) həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək;
- ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək;
- ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq;
- ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxs təyin edilməlidir. Rəhbərlik səviyyəsində dedikdə öhdəlik daşıyan şəxslərin adından çıxış edən, həmin şəxsin idarəetmə, nəzarət və (və ya) icra orqanı və ya öhdəlik daşıyan şəxs olan fərdi sahibkar başa düşülür. Öhdəlik daşıyan şəxsin daxili audit xidməti və müştərilərə xidmət bölməsi olduğu təqdirdə bu strukturların işçisi olan şəxs məsul şəxs qismində təyin edilə bilməz.
Korporativ struktur vahidlərinə malik olmayan hüquqi şəxsin qanuni təmsilçisinin məsul şəxs qismində və ya məsul şəxsi əvəz edən şəxs qismində tanınması tələblərə uyğundur. Məsələn şirkətin direktoru məsul şəxs, direktorun müavini, şirkətin mühasibi və ya hüquqşünas vəzifəsində olan şəxs məsul şəxsin əvəzedicisi təyin edilə bilər.
Təkbaşına fəaliyyət göstərən fərdi sahibkar təmsil etdiyi öhdəlik daşıyan şəxsin adından məsul şəxs qismində çıxış edir. Bu halda məsul şəxsin əvəzedicisinin təyin edilməsi zərurəti aradan qalxır.
Audit mexanizmində bu yoxlamaların sahəvi qanunlara uyğun olaraq illik audit yoxlamalarını keçirməli olan öhdəlik daşıyan şəxslərə münasibətdə ildə 1 dəfədən, digər hallarda isə 2 ildə bir dəfədən az olmayaraq keçirilməsi tələbi müəyyən edilməlidir.
Öhdəlik daşıyan şəxslər tərəfindən eyniləşdirmə və verifikasiya tədbirləri Maliyyə Monitorinqi Xidmətinin 2023-cü il 21 fevral tarixli 3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
Eyniləşdirmə proseduru müştərinin, benefisiar mülkiyyətçinin və səlahiyyətli nümayəndənin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur. Verifikasiya proseduru əldə edilmiş eyniləşdirmə məlumatlarının etibarlı mənbələr vasitəsilə həqiqiliyinin müəyyən edilməsi məqsədilə həyata keçirilən tədbirlərin məcmusudur.
Şəxsiyyət vəsiqəsinin əsli təqdim olunduğu təqdirdə yeni nəsil şəxsiyyət vəsiqələrində şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilmiş məlumatlar xüsusi qurğu (çip rider) vasitəsilə əldə oluna bilər. Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən məlumatların oxunmasına dair məlumatı Daxili İşlər Nazirliyinin veb-səhifəsi vasitəsilə əldə edə bilərsiniz:
https://mia.gov.az/?/az/news/view/1237/
Əməliyyat səlahiyyətli nümayəndə vasitəsilə həyata keçirildikdə və ya hüquqi şəxsə münasibətdə benefisiar mülkiyyətçilərin, təsisçilərin, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin, idarəetmə və nəzarət orqanlarında çalışan şəxslərin eyniləşdirilməsi zamanı və ya şəxsiyyət vəsiqəsinin əslinin əldə edilməsi mümkün olmayan digər hallarda şəxsiyyət vəsiqəsinin surəti ilə yanaşı fiziki şəxslərdən https://my.gov.az/intro/ (“Şəxsi məlumatlarım”) üzərindən şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış təqdim etməsi tələb edilə bilər.
Arayış fiziki şəxs tərəfindən öhdəlik daşıyan şəxsin ofisinə fiziki olaraq yaxınlaşmadan əldə olunub təqdim edilir və arayışların düzgünlüyü həmin portal üzərindən yoxlanılaraq fiziki şəxsin əldə edilmiş eyniləşdirmə məlumatları verifikasiya edilə bilər.
İşgüzar münasibətlər qurulmuş müştəri ilə növbəti əməliyyatların gedişində zərurət yarandığı halda, habelə müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi nəticəsində müştəri barədə əldə olunmuş mövcud məlumat və sənədlərdə ortaya çıxan bütün dəyişikliklərin qeydə alınmasıdır.
Davamlı müştəri uyğunluğu tədbirləri çərçivəsində məlumat və sənədlərin yenilənməsi mümkün olmadığı təqdirdə işgüzar münasibətlərə xitam verilməli və bu barədə MMX-yə məlumat verilməlidir.
- Mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə;
- Müştəri profilinin riskinin formalaşdırılması hallarında yüksək risk müəyyən edilərsə;
- Risk qiymətləndirilməsinin nəticələri əsas götürülməklə;
- FATF-ın çağırış etdiyi dövlətlərdən (ərazilərdən) olan fiziki və hüquqi şəxslər, maliyyə institutları və xarici hüquqi təsisatlar;
- Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslər ilə işgüzar münasibətlərə və əməliyyatlara (əqdlərə).
Gücləndirilmiş müştəri uyğunluğu tədbirləri effektiv və risklərə mütənasib olmalıdır. Öhdəlik daşıyan şəxslər müştəri profili üzrə riskdən asılı olaraq aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini tətbiq edə bilərlər:
- müştəri barədə əlavə məlumatlar və sənədlər (məs: iş yeri və fəaliyyəti, əmlakının həcmi, açıq mənbələrdən əldə edilə bilən məlumatlar, əlavə gəlir mənbələri barədə məlumat və s.) əldə etmək, müştərinin və onun benefisiar mülkiyyətçisinin eyniləşdirmə məlumatlarını daha intensiv olaraq yeniləmək və verifikasiya etmək;
- işgüzar münasibətlərin mahiyyəti barədə əlavə məlumatlar və sənədlər əldə etmək;
- müştərinin vəsaitinin və sərvətlərinin mənbəyi barədə əlavə məlumat və sənədlər əldə etmək;
- aparılmış və ya nəzərdə tutulan əməliyyatın (əqdin) məqsədi barədə əlavə məlumat əldə etmək;
- işgüzar münasibətləri rəhbərliyin razılığı ilə yaratmaq və ya davam etdirmək;
- müştəri profili üzrə nəzarət tədbirlərinin müddətini və dövrülüyünü artırmaqla işgüzar münasibətlərin davamlı monitorinqini həyata keçirmək, eləcə də əməliyyat (əqd) modellərini seçərək əlavə təhlilini həyata keçirmək;
- ilk ödənişin müştərinin adına olan hesab vasitəsilə oxşar müştəri uyğunluğu tələblərinə malik bankla həyata keçirilməsini tələb etmək.
Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar dərc edilmiş ölkədaxili və beynəlxalq siyahılar üzrə yoxlanılır. Həmin siyahıların əlavə edildiyi və axtarış imkanlarını özündə ehtiva edən veb səhifənin linki əlavə edilir: http://hms.gov.az/
Siyahının yoxlanılması məqsədilə siyahının öz sisteminizdə təxirəsalınmadan yenilənməsinə, xəbərdarlıq bildirişinin göndərilməsinə imkan verən informasiya sistemi yaradılmalıdır. Sözügedən informasiya sisteminin qurulmasını təmin edə bilməyən subyektlər alternativ yoxlama metodlarından istifadə etməlidir. Həmin subyektlər tərəfindən mövcud və yeni müştərilərin siyahıdakı şəxslər olub-olmaması (eyniləşdirmə məlumatlarında oxşarlıq) hər gün yoxlanmalıdır.
Sözügedən şəxslərin aktivləri təxirəsalınmadan və onlara xəbərdarlıq etmədən dondurulmalı, həmin şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan edilməli və dərhal bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə Maliyyə Monitorinqi Xidmətinə müvafiq internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
Aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında Dövlət Təlükəsizliyi Xidməti tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir.