Ümumi məlumat 1997-ci ildə yaradılmış MONEYVAL-ın əsas məqsədi üzv dövlətlərin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə effektiv sistemlər hazırlamasını və bu sahədə müvafiq beynəlxalq standartlara cavab verməsini təmin etməkdən ibarətdir. MONEYVAL-ın 48 daimi və 2 müvəqqəti üzvü var. Missiyası MONEYVAL FATF-ın üzvü olmayan Avropa Şurasına üzv-dövlətlərin (və Avropa Şurasının səlahiyyət çərçivəsinə daxil olmaq üçün müraciət etmiş namizəd dövlətlərin) PL/TMM üzrə fəaliyyətlərini nəzərdən keçirir.
MONEYVAL qarşılıqlı qiymətləndirmələr vasitəsilə öz üzvlərinin hüquq, maliyyə və hüquq-mühafizə sektorlarında müvafiq beynəlxalq standartlara nə dərəcədə əməl etməsini qiymətləndirir. Bu qiymətləndirmə hesabatları dövlətlərin ƏL/TM-ə qarşı mübarizə rejimlərinin səmərəliliyini və beynəlxalq əməkdaşlıq imkanlarını yüksəltmək istiqamətlərində təfərrüatlı tövsiyələr təqdim edir.
MONEYVAL pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin metod və üsullarının, tendensiyalarının tipoloji araşdırmasını da həyata keçirir.
Azərbaycanla əməkdaşlıq Azərbaycan Respublikası 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edildikdən sonra, ölkəmiz 2002-ci ildən etibarən MONEYVAL-da təmsil olunmağa başlamışdır. Ölkəmizin MONEYVAL-la qarşılıqlı əlaqələri bu təşkilatın prosedurlarına uyğun olaraq qurulmuş və hazırda davam edir. Azərbaycanda ƏL/TMM sahəsində mövcud vəziyyətlə bağlı MONEYVAL-ın ilk qiymətləndirmə hesabatı 2004-cü ildə qəbul edilmişdir. Bundan sonra, 2008-ci ildə də MONEYVAL tərəfindən Azərbaycan üzrə qiymətləndirmə aparılaraq müvafiq hesabat hazırlanmışdır. Bu qiymətləndirmə hesabatlarında Azərbaycanda ƏL/TM ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından təklif və tövsiyələr irəli sürülmüşdür. Bu təklif və tövsiyələr ölkədə ƏL/TMM sisteminin formalaşdırılması və inkişafı istiqamətində aparılan islahatlar zamanı mühüm əhəmiyyət kəsb etmişdir.
MONEYVAL-ın V raund qiymətləndirilməsi Azərbaycanda 2023-cü ildə həyata keçirilmişdir. Azərbaycan FATF qiymətləndirmə metodologiyasının 11 effektivlik göstəricisindən 2-si “əhəmiyyətli”, 8-i “orta” və yalnız 1-i “aşağı” kimi MONEYVAL tərəfindən qiymətləndirilib. Azərbaycan FATF-ın 40 texniki uyğunluq standartından 7-si üzrə “tam uyğun”, 22-si üzrə isə “əsasən uyğun”, 10-u üzrə “qismən uyğun” və yalnız 1-i üzrə “uyğun deyil” kimi nəticə göstərib.